Təmraz Tağıyev: “Bələdiyyələr arasında beynəlxalq əməkdaşlığın qurulmasının mühüm əhəmiyyəti var”
31 iyul 2026-cı il tarixində Türkiyənin Karaman şəhərində keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclasında ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və qurumun baş məsləhətçisi Rövşən Məmmədov təmsil edib.
Belediyye.infonun əldə etdiyi məlumata görə, iclası TDBB-nin və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay açaraq iştirakçıları salamlayıb. Tədbirin ev sahibi olan Karaman Bələdiyyəsinin sədri Savaş Kalaycı qonaqlara iclasın işində uğurlar arzulayıb. Daha sonra çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren qurumun dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanda xüsusilə regional inkişaf, təhsil, səhiyyə və mədəni irsin qorunması sahələrində davamlı layihələr həyata keçirdiyini bildirib. O, bu layihələrin xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
TDBB idarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri TİKA ilə TDBB arasında Bolqarıstanda yerləşən Filibe Mevlevixanasının təmiri ilə bağlı əməkdaşlıq protokolunun imzalanması olub.
Daha sonra çıxış edən TDBB-nin baş katibi Taha Zahid Özdemir təşkilatın fəaliyyət coğrafiyasının daha da genişlənəcəyini və yeni layihələrin həyata keçiriləcəyini qeyd edib. Baş katib, həmçinin İraq, Livya və Mərakeşdən təşkilata qoşulmaq istəyən bələdiyyələrin siyahısını iclas iştirakçılarına təqdim edib.
İclasda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Kosova və İraqdan olan bələdiyyə sədrləri iştirak ediblər. Tədbirdə, həmçinin İraq Respublikasının Kərkük şəhərinin icra hakimi və Türkmən Cəbhəsinin sədri Mehmet Seman Ağaoğlu da iştirak edib.
İclasda TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Uğur İbrahim Altayın “Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər” (UCLG) təşkilatının sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb və bunu TDBB üçün mühüm nailiyyət kimi qiymətləndirib. O, təşkilata yeni qoşulan üzv bələdiyyələri də təbrik edərək, bələdiyyələr arasında yalnız yerli deyil, beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyəti olduğunu bildirib. Təmraz Tağıyev həmçinin yeni üzvlərin digər üzv bələdiyyələrlə fəal əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.
İclas çərçivəsində 29 aprel – 31 iyul 2026-cı il tarixlərini əhatə edən dövr ərzində TDBB tərəfindən həyata keçirilmiş beynəlxalq layihələr, sosial və humanitar təşəbbüslər barədə məlumat təqdim olunub, həmçinin gələcək fəaliyyət planları müzakirə edilib.
Sonda milli hədiyyələr Karaman Bələdiyyəsinin sədri Savaş Kalaycıya və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altaya təqdim olunub.
TDBB İdarə Heyətinin üzvləri Karaman Bələdiyyəsinin şəhərdə həyata keçirdiyi layihələrlə də yerində tanış olublar.
Rəylər
0 Rəy